“Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir keçirilmişdir

TARİX: 10.07.2010

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 mart 2010-cu il tarixli “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş Konfransında proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasını təmin etmək üçün regionlarda sahibkarlığın inkişafı, özəl sektorun məsləhət və informasiya təminatının gücləndirilməsi, sahibkarların maarifləndirilməsi məqsədilə iyulun 10-da Zaqatala rayonunda “Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir keçirilmişdir.

 

İqtisadi İnkişaf Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın sahibkar iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, heykəli önünə əklil qoymuşlar.

Sonra “Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafı” mövzusunda tədbir öz işinə başlamışdır.

 

Tədbiri giriş sözü ilə açan İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına böyük önəm verdiyini vurğulamış, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, ölkəmizdə böyük inamla davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq, 2010-cu ilin yanvar-may ayları ərzində ÜDM 4,3% artaraq 16,5 mlrd. manat təşkil etmişdir. Bu dövrdə qeyri-neft sektorunda 4,9%-lik artıma nail olunmuşdur.

Hazırda dövlət başçısının 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır.

 

Tədbirin keçirilməsində əsas məqsədin də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, eləcə də qeyri-neft məhsullarının istehsalı və ixracı imkanlarının artırılması məsələlərinin müzakirəsi olduğu qeyd olunmuşdur.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Həmzə Süleymanov son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Zaqatalanın da sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd etmişdir.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini qeyd etmiş, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Rüfət Məmmədov ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, regionun sahibkarları üçün potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında “GSP+” proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat vermişlər.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış elektron ticarət portalının təqdimatı keçirilmiş, www.b2b.az portalın biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilmişdir.

Tədbir iştirakçıları həmçinin, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən ixrac qabiliyyətli müəssisələrin fəaliyyəti ilə tanış olmuşlar.

 

 


 




 

 

 

Telefon Məlumat Mərkəzi

Banner
Banner

B2B.AZ - Elektron ticarət portalı

Video carx